Seçicinin adının seçicilər siyahısına daxil edilməsi

admin

Səsvermə gününədək seçicilər siyahısına daxil edilmə

Seçici siyahıları ümumi tanışlıq üçün təqdim edildikdən sonra seçki məntəqəsinin ərazisində məskunlaşmış və hər hansı səbəbdən siyahıya daxil edilməmiş seçici adının seçicilər siyahısına daxil edilməsi barədə məntəqə seçki komissiyasına müraciət edə bilər. Bu müraciət şəxsin özü tərəfindən yazılmış ərizənin verilməsi, habelə dairə və ya məntəqə seçki komissiyalarının vətəndaşa verdiyi Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunmuş formada hazırlanmış ərizəni doldurmaq yolu ilə rəsmiləşdirliir, 3 gün müddətində komissiyanın iclasında baxılır və onun təmin edilib-edilməməsi barədə qərar qəbul olunur. Məntəqə seçki komissiyası vətəndaşın müraciətini təmin etdikdə, onun adı seçicilər siyahısına daxil edilir. Əks halda isə vətəndaşın həmin qərardan bilavasitə şəxsin özü və ya həmin qərarı qəbul etmiş məntəqə seçki komissiyası vasitəsilə yuxarı seçki komissiyasına şikayət vermək hüququ var.

Səsvermə günü seçicilər siyahısına daxil edilmə

Səsvermə günü adının seçicilər siyahısına düşmədiyini müəyyən edən seçici müvafiq məntəqə seçki komissiyasına müraciət edə bilər. Vətəndaşın arzusu olduğu halda, onun müraciəti məntəqə seçki komissiyasının ona verdiyi ərizə formasını doldurmaq yolu ilə rəsmiləşdirliir və  təxirə salınmadan komissiyanın iclasında baxılır. Müraciətdə göstərilən əsaslar qanuni olduqda, vətəndaşın adının seçicilər siyahısına daxil edilməsi barədə qərar qəbul olunur və səsvermə günü şəxsin səsvermədə iştirakı təmin edilir. Bu barədə isə müvafiq dairə seçki komissiyasına məlumat verilir. Şəxsin adının seçicilər siyahısına daxil edilməsi üçün qanuni əsaslar olmadığı müəyyən edildikdə, vətəndaşın müraciəti təmin olunmur. Belə olan halda vətəndaşın müraciətin təmin edilməməsi haqqında qərardan bilavasitə özü və ya həmin qərarı qəbul etmiş məntəqə seçki komissiyası vasitəsilə yuxarı seçki komissiyasına şikayət vermək hüququ var.

Qeydiyyatdançıxma vəsiqəsi

Mümkündür ki, seçici səsvermə günü seçicilər siyahısına daxil edildiyi seçki məntəqəsində səs vermək imkanı olmasın. Bu halda seçici müvafiq dairə seçki komissiyasına səsvermə gününə 45-25 gün qalmış və ya məntəqə seçki komissiyasına səsvermə gününə 24-3 gün qalmış müddətlərdə ərizə ilə müraciət edərək səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi (səsvermə vəsiqəsi) ala və həmin vəsiqə əsasında səsvermə günü olduğu ərazidəki seçki məntəqəsində səs verə bilər. Bu qayda prezident seçkiləri zamanı respublikanın bütün ərazisində tətbiq edilir