Seçicilər siyahısı necə hazırlanır?

admin

Seçici siyahıları daimi  müvəqqəti seçici siyahıları formasında tərtib olunur.

Daimi seçici siyahısına Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil edilir. Daimi seçici siyahısı seçki komissiyaları tərəfindən seçki məntəqələri, seçki dairələri və bütövlükdə Azərbaycan Respublikası üzrə hazırlanır. Məntəqə seçki komissiyaları yerli icra hakimiyyəti orqanlarının  və bələdiyyələrin təqdim etdiyi məlumatlar əsasında daimi seçicilər siyahısını hər il may ayının 30-dək təsdiq edərək dairə seçki komissiyalarına, dairə seçki komissiyaları isə  Mərkəzi Seçki Komissiyasına təqdim edirlər.  Mərkəzi Seçki Komissiyası təqdim edilən məlumatlar əsasında vahid seçicilər siyahısını tərtib edir. Səsvermə gününə 25 gün qalanadək seçicilər siyahısında dəqiqləşdirmələr aparılır. Bu müddətdən sonra səsvermə gününədək (səsvermə günü də daxil olmaqla) seçici siyahısına seçici məntəqə seçki komissiyası tərəfindən əlavə edilir.

Müvəqqəti seçici siyahısına konsul idarələri rəhbərlərinin və ya diplomatik nümayəndələrin, habelə seçicilərin müvəqqəti olduqları müəssisələrin – xəstəxanaların, sanatoriyaların, istirahət evlərinin rəhbərlərinin və səsvermə günü üzən gəmilərin kapitanlarının  aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil edilir.

Seçicilərin daimi seçici siyahılarına daxil edilməsinin əsasları

Vətəndaşlar seçici siyahılarına qeydiyyatda olduğu yer üzrə və ya müvafiq seçki məntəqəsinin ərazisində seçkilərin elan olunması günündən əvvəlki 12 ayın 6 ayı ərzində seçki məntəqəsinin ərazisində yaşaması faktı əsasında daxil edilir. Bu fakt vətəndaşın yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqan tərəfindən müəyyənləşdirilir.

Seçici yalnız bir seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilə bilər. Seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyət doğurur.

Vətəndaşların seçici siyahılarından çıxarılması üçün əsas kimi vətəndaşın daimi yaşayış yerini dəyişməsi və vətəndaşın müvəqqəti olduğu yer üzrə seçkilərin təyin edilməsi günündən əvvəlki 12 ayın azı 6 ayı ərzində yaşadıqda seçici siyahılarına daxil olunması faktı  çıxış edir.

Səsvermə günü xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində olan seçicilər orada yaradılan seçki məntəqələrində şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd əsasında seçici siyahılarına daxil edilirlər.

Hərəkət edə bilməyən vətəndaşlar yaxın qohumlarının və ya onlarla əlaqəsi olan digər şəxslərin məlumatları əsasında seçici siyahılarına daxil edilə bilərlər. Bu halda hərəkət edə bilməyən vətəndaşın şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd təqdim edilməlidir.