Səsvermə qaydası

admin

Səsvermə seçkilər günü saat 8-dən 19-a kimi keçirilir.

Seçici səs vermək üçün şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənədlə birgə seçki məntəqəsinə gəlməlidir. Məntəqənin girişində komissiya üzvlərindən biri seçicinin sənədini və ultrabənövşəyi lampadan istifadə etməklə sol əlinin baş barmağının işarələnib-işarələnmədiyini yoxlayır. Bu cür işarələnmə müəyyən edilmədikdə seçici səsverməyə buraxılır.

Məntəqə seçki komissiyasının digər üzvü seçicinin adının seçici siyahısında olduğunu yoxlayır və ona seçki bülleteni verir. Bu zaman seçicinin sol əlinin baş barmağı maye ilə işarələnir. İmtina edən seçiciyə seçki bülleteni verilmir və o, məntəqədən çıxarılır.

Seçiciyə seçki bülleteni seçici vəsiqəsi ilə birlikdə şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd təqdim edildikdə verilir. Seçki bülleteni seçiciyə verilərkən onun nömrələnmiş sol küncü məntəqə seçki komissiyasının üzvü tərəfindən kəsilmə xətti boyunca kəsilir və özündə saxlanılır.

Təqdim olunmuş şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi seçicilər siyahısına məntəqə seçki komissiyasının üzvü tərəfindən qeyd edilir. Seçici yazıların düzgünlüyünü yoxlayır və bülleteni alarkən imza edir.

Hər bir seçici şəxsən və təklikdə səs verir. Seçici bülleteni ondan başqa heç kəsin daxil olmasına icazə verilməyən, gizli səsverməni təmin edən kabinədə doldurur.  Seçki bülletenini müstəqil yazıb doldurmaq imkanı olmayan əlil seçici, məntəqə seçki komissiyasının üzvlərindən və müşahidəçilərdən başqa, istədiyi şəxsi kömək üçün otağa və ya kabinəyə çağıra bilər.

Seçici seçki bülletenini doldurarkən səhv etdiyini bildirərsə, ona seçki bülleteni vermiş məntəqə seçki komissiyası üzvündən korlanmış seçki bülleteninin əvəzinə yeni seçki bülleteni verməsini xahiş edə bilər.

Seçici doldurulmuş seçki bülletenini səsvermə üçün nəzərdə tutulmuş seçki qutusuna salır və seçki məntəqəsini tərk edir.