work on the internet for money top 8 ways where to invest 50,000 dollars top 7 ideas how to make 500 dollars 10 easy ways 8 fast ways where to invest in default where to invest a little money 15 proven ways
Mən və Seçkilər

Gənc seçici – Z.Kərimli

Seçkilər: Nə üçün əhəmiyyətlidir?

Mövzu istiqaməti: Seçkilərin demokratik idarəetmədə yeri

 

Günümüzdə qloballaşma və daha çox “qərb dəyərləri” olaraq adlandırılan mədəni, ümumbəşəri dəyərlərin aktiv şəkildə yayıldığı bir zamanda demokratiya, seçkilər kimi məsələlərin yetəri qədər aktual mövzular olduğunu söyləyə bilərik. Özəlliklə, vətəndaşlarının önəmli qismi apolitik olan ölkəmizdə yaxın zamanlarda Prezident seçkilərinin keçiriləcəyini nəzərə alsaq seçkilərin nə üçün əhəmiyyətli olduğunu və demokratik idarəetmədə yerini nəzərdən keçirmək olduqca faydalı olardı. Bunun üçün isə mövzuya konseptual yanaşaraq “Seçki nədir?” sualından başlamaq gərəkdir.

Toplumun siyasi həyatının ən önəmli məsələlərindən biri siyasi qərarların kimlər tərəfindən və necə veriləcəyidir. Verilən siyasi qərarlar bütün toplumun gələcəyinə təsir göstərdiyi üçün bu qərarları verən şəxslərin kimlərdən ibarət olacağı tarixin bütün dönəmlərində ciddi müzakirə və hətta mübahisə mövzusu olub. Aydındır ki, bu problem müxtəlif zamanlarda fərqli toplumlarda çeşidli üsullarla tənzimlənib. Ümumiləşdirməli olsaq belə bölgü apara bilərik ki, bəzi toplumlarda siyasi elitanı formalaşdırmaq yalnız bəlli bir sinifin, ailənin və ya qrupun inhisarında olur, bəzilərində isə bu işdə toplumun bütün kəsimi iştirak edə bilir. Xalq öz idarəetmə formasını, əməl edəcəyi qanunları və həmçinin, siyasi elitasını müəyyənləşdirmək haqqına sahibdirsə buna “suverenliyin xalqa aidliyi” deyilir. Qeyd olunan bu haqqların həyata keçməsi üçün yeganə metod isə seçkilərdir. Xalq seçki institutu vasitəsi ilə toplum birgəyaşamı üçün ən önəmli razılaşdırmaların əks olunduğu ictimai müqavilə – konstitusiyanı qəbul edir və həmin konstitusiyanın müddəalarından asılı olaraq icraedici hakimiyyətin başçısını, qanunverici orqanın üzvlərini, yerli özünüidarəetmə orqanlarında təmsil olunacaq şəxsləri və s. seçir.

“Seçki nədir, nəyi təmin edir?” kimi məsələlər aydın olsa da, əsas önəm daşıyan bir təsisat olaraq seçkinin və onun təmin etdiklərinin niyə əhəmiyyətli olduğudur. Özəlliklə, qeyri-demokratik ilə demokratik ölkələrdəki yaşam standartlarında olan fərqin nədən qaynaqlandığı və bu fərqin yaranmasında oturuşmuş bir güclü seçki institutunun varlığının nə kimi rolu olduğunu, toplum həyatına necə təsir göstərdiyinin mahiyyətini fundamental səviyyədə aydınlığa qovuşdurmaq, təbliğ etmək vətəndaşlarımızda seçkiyə olan inamın, həssaslığın artmasına gətirib çıxaracaq:

Tarix boyu müxtəlif millətlər arasında iqtisadi-siyasi baxımdan inkişaf fərqlilikləri olub. Hətta eyni bir coğrafiyada yaşayan və ya qohum olan millətlər arasında da bu kimi fərqliliklər müşahidə olunub. Günümüzdə də bu cür hallar sezilməkdədir, belə ki, bəzi ölkələr zəngin olduğu halda, bəzi ölkələr də yoxsulluq içərisindədir. Dünya üzrə həyat səviyyələri arasındakı bu fərq məhsuldarlıqla izah olunur. Yəni, hər hansı dövlətdə yalnız böyük həcmdə əmtəə və xidmət istehsal edilərsə, yüksək həyat səviyyəsinə malik oluna bilər.

İqtisadi və siyasi qurumları mahiyyətcə sümürücü olan dövlətlərdə məhsuldarlıq uzun müddət yüksək səviyyədə qalıb davamlılıq göstərə bilmir. Çünki, bu tip qurumların var olduğu dövlətlərdə suverenlik xalqdan qaynaqlanmır və ya bu anlayış yalnız sənəd üzərində qalaraq faktiki öz əksini tapmır. Siyasi və iqtisadi qurumlar elə təşkil olunur ki, elitanın mövqeyində möhkəmlənib daha çox qala bilməsini və toplumun zənginliyini sümürməsini təmin etsin. Siyasi-iqtisadi gücü təkəlində saxlayan elita əsas qayə olaraq öz şəxsi maraq və qazanclarını güdür. Burada elita yalnız kiçik bir qrupdan formalaşır və güc həmin qrupun inhisarında qalaraq toplumda paylanılmır. İnsanların fəaliyyətinin başlıca hərəkətverici və yönverici qüvvəsi isə onların şəxsi maraqlarıdır. Sümürücü qurumların mövcud olduğu ölkələrdə insanların şəxsi maraqları yetəri qədər təmin olunmur, gəlirli sahələr elitanın monopoliyasındadır, qurulacaq yeni gəlirli işin isə əllərində qalacaqlarına qarantları yoxdur. Beləliklə, vətəndaşların daha məhsuldar işləməyə stimul və motivasiyaları olmur.

İqtisadi və siyasi qurumları mahiyyətcə əhatəedici olan dövlətlərdə isə başqa durumla qarşılaşırıq. Burada güc dar bir çevrədə toplanmır, toplumda bölüşdürülmüş halda olur. Yüksək vətəndaş iştirakçılığı müşahidə edilir, toplum öz gələcəyi üçün özü məsuliyyət daşıyır. Mülkiyyət toxunulmazlığı, azad məhkəmə, vətəndaşlar üçün fürsət bərabərliyi, ədalətli rəqabət mühiti kimi təminatlar insanlarda motivasiya yaradaraq ümumi inkişafın fonunda məhsuldarlığın da artımına gətirib çıxaran şəraiti formalaşdırır. Hökümət, parlamentarilər, bir sözlə, seçilmişlər seçiciləri qarşısında öhdəlik daşıyır və anlayır ki, seçkiöncəsi verdiyi vədləri seçkisonrası yerinə yetirməsə, səlahiyyətlərindən sui-istifadə etsə və bu kimi digər neqativ hallara yol verilsə növbəti seçkilərdə nəticələr onların ziyanına dəyişəcəkdir. Bir sözlə, yüksək vətəndaş iştirakçılığı ilə müşayiət olunan azad, demokratik seçkilər uzunmüddətli perspektivdə dövlət idarəçiliyində bacarıqlı, məsuliyyətli, vəzifə əxlaqı olan şəxslərin təmsil olunmasını, qurumların əhatəedici mahiyyətinin qorunmasını təmin edən ən sağlam vasitədir.

Bütün bunlar seçkilərin əhəmiyyətini ortaya qoyur və sübut edir ki, çağdaş mədəni səviyyəyə, hərtərəfli inkişafa və yüksək rifaha çatmağın yolu seçkilərlə formalaşdırılan demokratik rejimdən keçir.

 

Zakir Kərimli

Related posts

Gənc seçici – A. Süleyman

admin

Gənc seçici – R.Məmmədli

admin

Gənc seçici – A. Çobanova

admin

2 comments

Leave a Comment