top 8 ways where is it profitable to invest work extra income 15 best easy ways 15 simple ways how to make money on the phone without investing profitable ways of investing money 10 legitimate ways
Mən və Seçkilər

Gənc seçici – A. Süleyman

 Mən və seçkilər

Dövlət və cəmiyyət daim qarşılıqlı əlaqədədir və bu əlaqənin formalaşdırılmasının əsas yolu cəmiyyətin-xalqın dövlətin idarə edilməsində iştirakını təmin etməkdir.Bu məsələ əsrlərdir bəşəriyyətin diqqət mərkəzində olduğundan onun təmin edilməsi üçün müxtəlif tədbirlər görülmüşdür.Həmin tədbirlərdən ən əsası seçki hüquqlarının müxtəlif aktlarda təsbit edilməsidir.Belə ki,  dövlətin idarə edilməsində iştirak xalqın suveren hüququdur və bu hüquq seçkilər vasitəsilə realizə edilir.Məhz seçkilər vasitəsilə əksəriyyət öz iradəsini ifadə edir və bununla da hakimiyyəti legitimləşdirir.

Seçki – dövlət və ictimai təşkilatlarda vacib postların tutulması üçün keçirilən demokratik üsuldur. Seçkilər qanunda nəzərdə tutulan seçki reqlamentinə uyğun olaraq gizli və açıq keçirilir.

Seçki hüququnun təmin edilməsi sahəsində təqdirəlayiq addımlardan biri kimi 1948-ci il “İnsan Hüquqlarının Ümumi Bəyənnaməsi”ndə əks olunmuş bu müddəanı qeyd etmək olar: ”Xalqın iradəsi hakimiyyətin əsasını təşkil edir.Bu iradə öz əksini ümumi, bərabər seçki hüququ əsasında gizli səsvermə və seçkinin azad və demokratikliyini təmin edən vasitələrdən istifadə etməklə müntəzəm keçirilən səsvermələrdə tapır”.

Şübhəsiz ki, bu sahədə qəbul edilmiş çoxsaylı, təcrübi əhəmiyyət kəsb edən beynəlxalq aktlar Azərbaycan Respublikasında da bu məsələlərin öz həllini tapmasında mühüm rol oynamışdır.Belə ki, Azərbaycan Respublikası Konstitusiyasında əks olunmuşdur: “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsi ilə həyata keçirir”. (maddə 1 I hissə, maddə 2 II hissə).

Müasir demokratiyanın bərqərar olmasının təsirli mexanizmləri sırasında seçkilər həlledici rol oynayır. Xalq hakimiyyətinin həyata keçirilməsinin təmin edilməsi seçkilər nəticəsində meydana çıxır. Seçkilər hakimiyyətin xalq etimadını və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Bu mühüm vasitə cəmiyyəti ədalətsizlikdən və diktatura təhlükəsindən qoruyur.

Seçki hüququ — Azərbaycan Respublikası Milli Məclisinin deputatlarını, Azərbaycan Respublikasının Prezidentini, bələdiyyələrə üzvləri seçmək və həmin orqanlara, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilmək hüququ, o cümlədən namizədlərin irəli sürülməsində, seçkiqabağı təşviqatda, seçki komissiyalarının işində, seçkilərin keçirilməsinin müşahidəsində (seçkilərin nəticələrinin müəyyən edilməsi də daxil olmaqla), səsvermədə, digər seçki hərəkətlərinin həyata keçirilməsində iştirak etmək hüququdur.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 12-ci maddəsi aktiv seçki hüququnun mənsubiyyətini, 13-cü maddəsi isə passiv seçki hüququnun mənsubiyyətini konkret olaraq müəyyən etmişdir.

Passiv seçki hüququ dedikdə vətəndaşların seçilmək imkanı, aktiv seçki hüququ dedikdə isə vətəndaşların seçmək imkanı nəzərdə tutulur.

Həmin məcəllənin 12-ci maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, Milli Məclisə seçkilərin, prezident seçkilərinin, bələdiyyələrə seçkilərin, referendum keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının seçmək, referendumda səs vermək, seçkilərin (referendumun) gedişini müşahidə etmək, seçkiqabağı (referendumqabağı) təşviqatda iştirak etmək, seçki hərəkətlərində və referendumun hazırlanması ilə bağlı hərəkətlərin həyata keçirilməsində iştirak etmək hüququ – aktiv seçki hüququ vardır.

Mən demokratiya dedikdə bir cəmiyyətdə hər hansı bir insanın öz düşüncəsini sərbəst ifadə edə bilməsini, sərbəst toplaşmasını və hər hansı bir platformada birbaşa təmsil olunmasını başa düşürəm.Demokratiyanın təməli hər cür düşüncənin ifadə edilməsi və reallaşdırılması azadlığıdır.

Seçki hüququ da demokratiyanın, insanlar arasında ədalət və bərabərlik düşüncələrinin formalaşmasında özünəməxsus yer tutur.Fikrimcə, seçkilərin olmadığı və ya ədalətli olaraq keçirilmədiyi bir dövlətdə demokratiyadan danışmaq əbəsdir.Hər şeydən öncə demokratiya sözünün yunan dilindən hərfi tərcüməsi elə məhz xalq hakimiyyəti (demos – xalq və kratos – hakimiyyət) deməkdir.Buna görə də, seçki hüququnun demokratiyanın bir forması kimi dövlətlərin normativ-hüquqi aktlarında təsbit edilməsi hələ dövlətin demokratik idarəetməyə malik olduğu anlamına gəlmir.Belə ki, seçki hüququ formal olaraq mətndə və ya söz üzərində qalmamalı, həm də o, həyata keçirilə bilən olmalı və effektiv müdafiə vasitələri ilə təmin olunmalıdır.Bunun üçün dövlətlər demokratik dövlətlərin seçki modellərini öyrənməli, onu öz seçki təcrübəsində tətbiq etməlidir. Buna görə də onların öz seçki sistemlərində formalaşmış müsbət təcrübələri araşdırılmalı, əgər uyğundursa, tətbiq olunmalıdır.Burada xüsusilə bir məqamı qeyd etməliyəm ki, demokratik  dövlətlərdəki seçki hüququnun və onun məzmununun eyniliklə həyata keçirilməsi təcrübəni tətbiq etmək istəyən ölkədə hər zaman müsbət nəticələr doğurmaya bilər.Müsbət nəticənin əldə olunması üçün həmin beynəlxalq təcrübə və ya digər demokratik modellərin təcrübəsi onu tətbiq etmək istəyən ölkənin konkret həyat şəraiti, insanların və cəmiyyətin seçki sahəsində dünyagörüşü və müvafiq bilikləri nəzərə alınmaqla, onların səviyyəsinə uyğun olaraq həyata keçirilməlidir.Yalnız bu zaman seçki hüququ sahəsində demokratik idarəetməyə nail olmaq olar.Digər hallarda isə buna nail olmaq olduqca çətin görünür.

Günümüzdə seçkilər ən müxtəlif formalarda həyata keçirilir.Burada əsasən 3 cür seçki sistemi fərqləndirilir: majoritar, proporsional və qarışıq.

Sadalananlar içərisində ən qədimi majoritar seçki sistemi hesab olunur. Respublikamızda da tətbiq olunan bu sistem səslərin əksəriyyətinin toplanması prinsipinə əsaslanır. Majoritar seçki sistemində namizədlərdən səslərin müəyyən edilmiş əksəriyyətini qazanan şəxs deputat mandatı əldə etmiş olur. Səslərin tələb olunan əksəriyyətindən asılı olaraq majoritar seçki sisteminin 3 növü fərqləndirilir. Bunlar – nisbi əksəriyyət sistemi, mütləq əksəriyyət sistemi, şərtləndirilmiş (ixtisaslaşdırılmış) əksəriyyət majoritar sistemidir.

Nisbi əksəriyyət majoritar sistemi ən sadə seçki sistemi olub, mahiyyətinə görə deputatlığa namizədlərdən digər namizədlərə nisbətən verilmiş səslərin daha çox hissəsini toplamış namizədin mandat qazanmasını göstərir.

Mütləq əksəriyyət sistemi deputatlığa namizədin seçilməsi üçün ümumi səslərin mütləq əksəriyyətinin toplanması, yəni seçicilərin ən azı 50% +1 – nin səsin toplanmasını tələb edir.

Şərtləndirilmiş əksəriyyət majoritar sisteminə uyğun olaraq namizədlərdən təsdiq olunmuş əksəriyyətdə səsləri toplaya biləni seçilmiş hesab olunur. Şərtləndirilmiş əksəriyyət majoritar sistemində seçicilərin 65% – nin, 2/3 – nin, 3/4- nün, 60% – nin səsini toplamasi tələbi qoyula bilər.

Hal-hazırda 119 seçkili demokratiyalarda dövlət  hər bir vətəndaşına öz siyasi nümayəndələrinə səs vermək hüququna təminat verir. Bütün dünya əhalisi öz seçki hüququ uğrunda mübarızə aparmalıdır.Düzdür, bu uzun və bir o qədər də çətin prosesdir.Amma nəzərə almaq lazımdır ki,keçən əsrdən etibarən dünyanın bir çox dövlətlərində demokratiya əsaslı şəkildə inkişaf etmişdir. Bir çox ölkələrdə seçkilər  şəffaf, ədalətli və demokratik keçirilir. Amma beynəlxalq səviyyədə seçki hüququnun tam həyata keçirilməsi  hələ mümkün deyil.Buna misal olaraq Səudiyyə Ərəbistanında qadınların  hələ 2015-ci  ildə seçki hüququ əldə etmələrini göstərə  bilərik.

Bununla belə seçki hüququ ilə bağlı müddəaların təsbit olunduğu çoxsaylı beynəlxalq aktlar qəbul edilmişdir.Bunların içərisində  ən əsası yuxarıda adını qeyd etdiyim 1948-ci il “İnsan Hüquqlarının Ümumi Bəyənnaməsi” dir.

Bu sahədə qəbul edilmiş mühüm aktlardan bir digəri isə  4 noyabr 1950-ci ildə Roma şəhərində imzalanmış “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsinə dair” Avropa Konvensiyasıdır.Belə ki, həmin Konvensiyaya 1952-ci il 20 mart tarixində əlavə edilmiş Protokolun 3-cü maddəsinə əsasən Konvensiyanı ratifikasiya etmiş dövlətlər qanunverici orqanlarını seçərkən xalqın iradəsini sərbəst ifadə edə biləcəyi şəraitdə, ağlabatan dövriliklə gizli, azad seçkilər keçirməyi öhdələrinə götürürlər.

Bununla yanaşı, “Hüquq və vəzifələr haqqında” Amerika Birləşmiş Ştatlarında 1949-cu ildə qəbul edilmiş Deklarasiyada seçki hüququ digər əsas  hüquqlarla birgə təsbit olunmuşdur.Eyni zamanda burada seçki həm hüquq,  həm də vəzifə olaraq göstərilirdi.

Müasir mənada tam seçki hüququ ilk dəfə 1840-cı ildə Havai Krallığında qadınlar da daxil olmaqla bütün yetkinlik yaşına çatmış şəxslərə verilmişdir.Lakin bu hüquq qadınlar üçün 1852-ci ildə ləğv edilmişdir.1902-ci ildə Avstraliyada qəbul edilmiş “Birgə iştirak haqqında” akta əsasən qadınlar ilk dəfə  seçki hüququ ilə yanaşı hökumətdə iştirak etmək hüququ da əldə etdilər.

Seçkilər barədə danışarkən bu sahədə demokratik bir ölkə kimi Böyük Britaniyanın təcrübəsi xüsusi əhəmiyyət kəsb edir.Hələ 1265-ci ildə kişi cinsindən olan şəxslərin 12%-i İngiltərə Parlamentinə qeyri-müəyyən aralıqlarla keçirilən seçkilərdə iştirak hüququ əldə etdilər.Şotlandiya parlamentinə isə xüsusi səlahiyyət verilmişdi. İngiltərənin kralı VI Henri 1432-ci ildə Birləşmiş Krallıqda mülkiyyət sahiblərinə ən azı qırx şillinq müqabilində səs vermə haqqı təmin etdi.Bu sistem 1832-ci ilə kimi cüzi dəyişikliklərlə “İslahat haqqında” Qanun qəbul edilənədək davam etdi. 1918-ci ildə 21 yaşdan yuxarı kişilər və 30-dan yuxarı qadınlar səs hüququnu qazandılar, 1928-ci ildə isə 21 yaşdan yuxarı olan bütün qadınlar səsvermə hüququnu əldə etdilər. 1948-ci ildə cəm səsvermənin(bir şəxsin bir neçə dəfə səsvermə hüququ) ləğvi həyata keçirildi.1969-cu ildə 18 yaşdan yuxarı olan şəxslərin seçki hüquqlarının genişləndirilməsi üçün  islahatlar həyata keçirildi.

Yeri gəlmişkən Azərbaycan Xalq Cümhuriyyəti yaranması ilə Şərqdə ilk demokratik Respublika olmaqla yanaşı, eyni zamanda qadınlara da seçki hüququnu tanıyan ilk dövlət oldu.AXC nəinki şərq hətta bir çox dünya dövlətləri sırasında qadınlara seçki hüququnu daha öncə təmin edən bir dövlət kimi tarixdə önəmli bir yer kəsb edir.Məsələn ABŞ-da 1920, Türkiyədə 1930, Fransada 1944, İsveçrədə 1971- ci ildə qadınlara seçki hüququ tanındı.

Sonda qeyd etmək istərdim ki, seçki hüququnun növlərindən olan və müasir dövrdə bir sıra ölkələr tərəfindən həyata keçirilən elektron seçki üsulunu Azərbaycanda da tətbiq etməyi təklif edirəm.Belə ki, elektron seçki- seçicilərin səslərinin elektron qaydada bildirmələri nəticəsində sürətli səs sayma imkanına malik olan bir sistemdir. İnkişaf edən texnologiyalarla birlikdə 1990-cı ildən başlayaraq artıq müxtəlif ölkələrdə elektron səsvermə sisteminin tətbiqinə başlanılmışdır. Elektron səsvermə- səsvermə prosesinin elektron mühitdə aparılması prosesidir.

Elektron seçki sistemi iki əsas hissəyə ayrılır:

  1. Birincisi, yerində səsvermə, yəni seçkinin seçki prosesi keçirilən məkanda aparılması ilə həyata keçirilən elektron seçki sistemidir.
  2. İkincisi, səsvermənin seçki prosesi keçirilən məkandan kənarda və internet vasitəsi ilə həyata keçirilən elektron seçki sistemidir.

Elektron seçkinin faydalılığını (üstünlüklərini) qısaca olaraq aşağıdakı kimi xarakterizə edə bilərəm.İlk olaraq burada seçicilərin iştirak sayı üstün olur və bu da insanların seçkiyə inamının artmasının nəticəsi olaraq çıxış edir.Həmçinin bu üsul səsvermə prosesində və səslərin sayılması zamanı xətaların aradan qalxmasına, etibarsız sayılan səslərin sayının azalmasına, məhdud imkanlı seçicilərin daha praktik səs verə bilmələrinə, seçim prosesində gizliliyin təmin olunmasına,  seçkilərdə qanun pozuntularının azaldılmasına, nəticələrin daha qısa zaman ərzində müəyyən olunmasına, mövcud seçki prosesinə nisbətən daha az kadrlardan istifadə edilməsinə və ən nəhayətində maliyyə vəsaitinə qənaətə səbəb olur.Bütün bunları nəzərə alaraq bu seçki sisteminin dünyanın bütün dövlətlərində onların yerli şəraiti nəzərə alınmaqla tətbiqini məqbul hesab edirəm.

 

 

Aysel Süleyman

   

 

 

 

 

Related posts

Gənc Seçici – E.Kərimli

admin

Gənc seçici – D. Süleymanova

admin

Gənc seçici – İ. İbrahimli

admin

Leave a Comment