Mən və Seçkilər

Gənc seçici – R.Quliyeva

Mən və Seçkilər

Bəşər cəmiyyətinin bütün inkişaf dövrlərində idarəetmədə iştirak haqqı qazanmaq insanların ən əsas istəklərindən olmuşdur. Bu gün bütün dünyada cəmiyyətin və dövlətin siyasi həyatında,dövlət quruculuğunda iştirak etmək hüququ əsas insan hüquqlarından hesab olunur.Ümumilli lider Heydər Əliyevin də dediyi kimi: “Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır”.Demokratiyanın özülünü də seçki hüququnun təşkil etdiyini nəzərə alsaq,seçkilərin-seçki hüququ və seçki sisteminin idarəetmə üçün nə qədər əhəmiyyətə malik olduğunu müəyyən etmiş olarıq.Seçkiləri və seçki hüququnu bir neçə aspektdə nəzərdən keçirmək olar:

1. Azərbaycan Respublikasında seçkilərin demokratik mahiyyəti

2.Əsas insan hüquqlarından biri kimi seçki hüququna tarixi baxış

3.Beynəlxalq təcrübədə seçki sistemləri

Qeyd edildiyi kimi demokratiyanın bünövrəsini məhz seçki sistemi və seçki hüquqları təşkil edir.Demokratik rejimlərdə seçkilər hökümət orqanlarının mənbəyinin qanuniliyinin təməlidir. Demokratik dövlət kimi Azərbaycan Respublikasında da idarəetmə seçkili sistem əsasında qurulur. Azərbaycan Respublikası Konstitusiyasının 54 və 55-ci maddələrində müvafiq olaraq Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətin və dövlətin siyasi həyatında və dövlətin idarə olunmasında iştirak etmək hüquqları ifadə edilmişdir ki,bu hüquqlar da məhz seçki yolu ilə həyata keçirilir.Seçkilər xalqın öz hakimiyyətini həyata keçirmə vasitəsidir.Obrazlı şəkildə desək,seçkilər demokratiyanın məhək daşı sayılan xalq suverenliyini reallığa çevirən vasitədir.Xalq öz hakimiyyətini ümumi,bərabər və birbaşa seçki hüququ əsasında,şəxsi,gizli və sərbəst səsvermə yolu ilə seçdiyi nümayəndələrin təmsilində həyata keçirir və bu nümayəndələr də bilavasitə xalqın səsverməsi yolu ilə müəyyənləşir.Azərbaycan Respublikasında idarəetmə hakimiyyətin bölünməsi prinsipinə əsaslanır:qanunvericilik,icraedici və məhkəmə.Bunlardan iksi-qanunvericilik və ali icraedici orqan(Prezident) seçkili orqandır.Bundan başqa yerli özünüidarəetmə orqanları olan bələdiyyələr də seçkilər əsasında qurulur.Eyni zamanda Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il Konstitusiyası da xalq səsverməsi(referendum) yolu ilə qəbul edilmişdir.

Seçki hüququ insanların əsas hüquqlarından biridir.Seçki hüququnun tarixinə nəzər yetirsək görərik ki,bu hüququn rüşeymləri hələ Qədim Yunanıstan və Romada meydana çıxmağa başlamışdır.Belə ki,Qədim Yunanıstanda,daha dəqiq desək,Afinada 20 yaşdan yuxarı hər bir vətəndaş(kişilər) “xalq yığıncağı”na daxil olmaq hüququ qazanırdı.Bu müəyyən mənada müasir dövrdəki passiv seçki hüququnu ifadə edirdi.Qədim Romada isə bu daha da genişlənərək seçki hüququ kimi formalaşmışdı,yəni pleybeylər uzun sürən mübarizədən sonra xalq tribunalları seçmək hüququ əldə etmişdilər,sonralar isə onlar hətta konsul vəzifəsinə seçilmək hüququ qazanmışdılar.Bu isə müasir anlamda aktiv seçki hüququnu özündə ehtiva edirdi.Orta əsrlərdə monarxların mütləq hakimiyyəti altında bu hüquq ümumiyətlə istisna edilirdi.Yeni dövrdə seçki ənənələri bərpa edilsə də,bu müxtəlif senzlərlə məhdudlaşdırılırdı.Məsələn, əmlak senzi,yaş senzi,təhsil senzi və.s.Seçki hüququ əmlak senzindən sonra daha çox cinsi senzlə məhdudlaşdırılmış və onun  tərkib hissəsi olan “qadınlara seçki hüququnun verilməsi” məsələsi bütün dövrlərdə problemli məsələ olaraq qalmışdır.Azərbaycan Respublikası Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə kimi tarixə düşmüşdür.Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə qadınlara kişilərlə bərabər seçki hüququ verdi.1920-ci ildə Azərbaycan Demokratik Respublikası süqut etdi və yalnız 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra bu hüquq da bərpa edildi. Amerika Birləşmiş Ştatlarında qadınlar  bu hüququ 1920-ci ildə qazanmışdılar.1865-ci ilə kimi isə əhalinin böyük hissəsi bu hüquqdan məhrum idi.Fransada qadınlar bu hüququ 1944-cü ildə,İsveçrədə tam şəkildə 1989-cu ildə əldə etdilər.Ümumiyyətlə isə dünyada qadınlara seçki hüququnu verən ilk ölkə kimi  Yeni Zellandiya(1893-cü ildə)məlumdur.Kişilər isə ümumi seçki hüququnu Fransada 1852-ci il,ABŞ-da 1870-90-cı illər,Almaniyada 1871-ci il,Azərbaycanda 1919-cu ildə qazanmışdır.Ən yeni dövrdə artıq yavaş-yavaş senzlər aradan qalxmağa qadınlara,qaradərililərə bərabər seçki hüququ verilməyə başlanırdı.Müasir dövr isə seçki hüquqları tarixində inkişaf,yeniləşmə,beynəlxalq müdafiə mexanizmlərinin tətbiqi dövrü kimi çıxış edir.Göründüyü kimi əsası çox qədim zamanlarda qoyulmuş bu hüquq sonralar inkişaf edərək əsas insan hüquq və azadlıqlarından birinə çevrilmişdir.Bu gün əsas insan hüquq və azadlıqları sırasında seçki hüququnun da beynəlxalq səviyyədə müdafiəsi təmin edilir. 10 mart 1966-cı il tarixli Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 25-ci maddəsinin b) bəndinə və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 21-ci maddəsinə əsasən hər kəsin heç bir ayrı-seçkiliyə məruz qalmadan ümumi və bərabər seçki hüququ əsasında,şəxsi və gizli səsvermə yolu ilə seçkilərdə iştirak etmək,seçmək(aktiv) və seçilmək(passiv) hüququ vardır.Bildiyimiz kimi əsas insan hüquq və azadlıqları 2 qrupa bölünür:

a)insan hüquq və azadlıqları

b)vətəndaş hüquq və azadlııqları

Seçki hüquq bunlardan məhz ikincisinə aiddir.Çünki seçki hüququ siyasi hüquqlar sırasına daxildir və vətəndaş hüquqları da əsas etibarilə siyasi hüquqlardan təşkil olunub.Şəxsin seçki hüquq onun bu və ya digər dövlətin vətəndaşlığına bağlı olan hüququdur.Belə ki,əgər şəxs vətəndaşlıqdan çıxarsa və ya məhrum edilərsə,avtomatik olaraq o,həmin ölkənin vətəndaşı kimi sahib olduğu seçki hüququnu da itirir.Azərbaycan Respublikası da öz vətəndaşlarının seçki hüquqlarını Konstitusiyanın 56-cı maddəsi ilə təmin edir.Burada qeyd olunur ki,”Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək,habelə referendumda iştirak etmək hüququ vardır”.Ölkəmizdə seçki hüququ ümumi,bərabər və birbaşa seçki hüququ əsasında,şəxsi,gizli və sərbəst səsvermə yolu ilə həyata keçirilir. Ümumi seçki hüququ prinsipi,dedikdə,irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ nəzərdə tutulur. Bərabər seçki hüququ prinsipi Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş bərabərlik hüququna əsaslanır.Yəni hər kəs bərabər səs hüququna malikdir,əgər bir şəxsin 1 səs hüququ varsa,digər şəxslərin də 1 səs hüququ vardır. Birbaşa seçki hüququ prinsipi vətəndaşların bilavasitə seçdikləri namizədə və ya lehinə olduqları mövzuya səs vermələrini ifadə edir. Səsvermənin gizliliyi prinsipi onu ifadə edir ki,şəxs səsi hamıdan təcrid edilmiş və tam gizli şəkildə,xüsusi ayrılmış kabinetlərə daxil olaraq verir.Şəxsi səsvermə prinsipi şəxsin sırf özünün səs verməsi ilə bağlıdır,yəni bir şəxs digərinin yerinə səs verə bilməz.Belə hal müəyyən edilmiş qaydada cinayət və inzibati məsuliyyətə səbəb olur.Səəvermənin sərbəstliyi prinsipi isə vətəndaşların könüllü olaraq səs verməsi,bunun üçün hər hansı təzyiqin göstərilməsinin yolverilməzliyini ifadə edir.

Suveren dövlətlərin daxil olduğu bütün münasibətlər kimi seçki münasibətləri-seçki sistemi də beynəlxalq sistemin tərkib hissəsi kimi inkişaf edir.Müasir dünyanın müstəqil dövləti kimi Azərbaycan Respublikasında da milli seçki sistemi beynəlxalq sistemlə uyğunluq təşkil edir.Dünya təcrübəsində seçki sisteminin 3 forması vardır:majoritar,proporsional və qarışıq sistem.Ölkəmizdə isə bu sistemlərdən birincisi-majoritar seçki sistemi tətbiq olunur. 2002-ci ilədək  Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər qarışıq seçki sistemi əsasında  keçirilirdi. Azərbaycan Respublikasında Milli Məclisinə birinci (1995-ci il) və ikinci çağırışda (2000-ci ildə) seçkilər qarışıq sistem üzrə keçirilmişdir. 125 deputatdan 100-ü majoritar sistem, 25-i isə proporsional nümayəndəlik sistemi üzrə seçilmişdir. 2002-ci il avqustun 24-də keçirilən ümumxalq səsverməsində proporsional sistem ləğv edilmişdir. Majoritar sözü fransız dilindən tərcümədə “çoxluq” deməkdir. Majoritar seçki sistemində kim çoxluğun səsini qazanarsa o da seçilir. Səs çoxluğunun sayından asılı olaraq majoritar seçki sisteminin iki növü müəyyən edilir: mütləq səs çoxluqlu majoritar seçki sistemi və nisbi səs çoxluqlu majoritar seçki sistemi. Mütləq səs çoxluqlu majoritar seçki sistemi seçki dairəsi üzrə seçicilərin səslərinin yarıdan çoxunun, yəni 50%+l səsin toplanmasını tələb edir. Namizədlərdən heç biri tələb olunan səs çoxluğunu (50%+1) toplamadıqda, bir qayda olaraq, daha çox səs toplamış iki namizədin iştirakı ilə səsvermənin ikinci mərhələsi keçirilir. Səsvermənin bu dövrəsində nisbi səs çoxluqlu majoritar seçki sisteminin şərtləri tətbiq edilir. Namizədlər sırasından daha çox səs toplayanı seçilir.  Qardaş ölkə Türkiyədə isə seçkilər proporsional sistemə əsaslanır. Proporsional seçki sistemi səslərin ayrı-ayrı şəxslərə deyil, partiyalara verilməsi. İlk dəfə olaraq 1889-cu ildə Belçikada tətbiq olunub. Qarışıq seçki sistemi majoritar və proporsional sistemlərin bəzi elementlərini özündə birləşdirir. Deputatların bir hissəsi təkmandatlı, qalan hissəsi isə çoxmandatlı seçki dairəsindən seçilir.

Qeyd olunanları ümumiləşdirərək demək olar ki,seçki hüququ cinsindən,irqindən,dinindən,dilindən,əmlak vəziyyətindən və digər mənsubiyyətlərindən asılı olmayaraq əsas insan hüquqlarından biridir və məhdudlaşdırıa bilməz.Seçki daima dövlət idarə olunmasının əsas vasitəsi kimi çıxış etmişdir,çünki məhz seçkilər yolu ilə insanlar hakimiyyətə təsir göstərə bilmək imkanı əldə edir.Seçkilərin cəmiyyət və dövlət üçün əhəmiyyəti ondadır ki,bununla bir şəxsin deyil,çoxluğun iradəsi ifadə olunur.Bundan başqa,seçkilər müxtəlif sosial qrupların mənafelərini əlaqələndirir və nümayəndəli hakimiyyəti formalaşdırır. Demokratiyanın əsası kimi seçki sisteminin təkmilləşdirilməsi həm də dövlətin demokratik inkişafını təmin edir.Əksər demokratik dövlətlərdə xalqın hakimiyyətin mənbəyi olması prinsipini də nəzərə alsaq,onda seçki sistemi sahəsində irəliyə doğru atılan hər bir addım,eyni zamanda xalqın öz hakimiyyətini həyata keçirmək imkanını daha da artırır.

 

Rufanə Quliyeva

Related posts

Gənc seçici – A. Çobanova

admin

Gənc Seçici – E.Kərimli

admin

Gənc seçici – T. Quliyev

admin

Leave a Comment