Xəbərlər

Çexiyada parlament seçkiləri keçirilib

Çexiyada 20-21 oktyabr tarixində keçirilmiş parlamentin aşağı palatasına keçirilmiş seçkilərdə ölkənin ikinci ən zəngin adamı, milyarder Andrey Babisin rəhbərlik etdiyi populist mərkəzçi ANO partiyası qalib gəlib. Partiya hökumət qurmaq üçün yetərli çoxluğu əldə edə bilməsə də, 30 %-ə (78 mandat) yaxın səs toplayıb və bu ikinci ən çox səs toplamış Vətəndaş Demokrat Partiyasının nəticələrindən təqribən 3 dəfə çoxdur (11.3% – 25 mandat)

Ümumiyyətlə seçkilərin nəticələrinə görə 9 siyasi partiya parlamentdə təmsil olunur. Yuxarıda adı çəkilən iki siyasi partiyadan sonra üçüncü ən çox toplamış partiya Çex Pirat Partiyasıdır – 10.8%.

Parlamentə daxil olmuş digər partiyalar aşağıdakılardır: Azadlıq və Birbaşa Demokratiya, Bohemiya və Moraviya Kommunist Partiyası, Sosial Demokratik Partiyası, TOP 09, Xristian və Demokrat İttifaqı (Çexoslovakiya Xalq Partiyası), STAN (Başçı və Müstəqilllər partiyası)

ANO (Akce nespokojených občanů) çex dilində “Narazı vətəndaşlar aksiyası” anlamına gəlir. “Ano” sözü isə çex dilində “hə” deməkdir. Partiyanın yaradılması ideyası Andrey Babisin 2011-ci ildə sistemali korrupsiya haqqında düşüncələrinin minlərlə çex tərəfindən müsbət qarşılanmasından sonra yarandı. 2012-ci ildə isə partiya rəsmi olaraq qeydiyyata alındı.

“Çexiyanın Trampı” adlandırılan Andrey Babis vaxtilə baş nazirin müavini olub. O, bir neçə ay əvvəl səs-küylü maliyyə qalmaqalından sonra vəzifəsindən istefa verib. Qalmaqal milyarderin reytinqinə təsir eləsə də, onun başçılıq etdiyi partiya bu seçkilərdə ən çox səstoplamış partiya oldu.

Andrey Babis dəfələrlə bəyan edib ki, Rusiyaya qarşı sanksiyaların əleyhinədir. O, həmçinin, Çexiyanın Avrozonaya daxil olmasının tərəfdarı deyil, lakin ölkəsinin Avropa İttifaqında qalmasını istədiyini bildirib. Milyarder Reuters agentliyinə bildirib ki, “miqrasiya probleminin həllini” nəzərdə tutan təkliflərini Avropa Şurasına təqdim etmək niyyətindədir.

Seçki nəticələrindən görünür ki, hökuməti qurmaq üçün koalisiyaya ehtiyac var. Babis “hamını danışıqlara dəvət etdiyini” bildirsə də, Kommunist və Aİ əleyhdarı olan sağ populist Azadlıq və Birbaşa Demokratiya partiyaları ilə “əməkdaşlıq etməyə” hazır olmadığını vurğulayıb.

Related posts

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi müddəti 3 aydan 2 aya endirilir

admin

Konstitusiya günü

admin

Sloveniyada Prezident seçkiləri keçirilib

admin